12.jpg
Karyera

Gələcəyin peşələri nələrdir?

Gələcəyin peşələri (ixtisasları) nələrdir?

Elm və texnologiyanın sürətli inkişafı nəticəsində dünya, insanların həyat tərzi də sürətlə dəyişir. Bununla yanaşı, əmək bazarı da dəyişikliklərə məruz qalır. Bir çox peşələr aktuallığını itirir və onları mütərəqqi metodlara və rəqəmsal texnologiyaya əsaslanan yeniləri əvəz edir. Bəs gələcəkdə hansı peşələrə tələbat olacaq? Gələcəyin ixtisaslarını niyə bilməliyik? Bu peşələr üçün hansı bacarıqlar tələb olunacaq?

Gələcəyin ixtisaslarını niyə bilməliyik?

Gələcəkdə tələb olunacaq ixtisaslardan xəbərdar olmaq bizə düzgün karyera seçməyə kömək edəcək. Çünki elm, texnologiya inkişaf etdikcə və dünyada yeni tələblər yarandıqca əmək bazarı həmişə bu tələbləri təmin etməyə uyğunlaşacaq. Bu səbəbdən də innovativ və insanların tələbatlarını nəzərə alan şirkətlər daha böyük uğur qazanır. Məsələn, getdikcə daha çox insan şəxsi nəqliyyat proqramlarından istifadə edir. Bu da Bolt, Uber və başqa bu kimi şirkətlərin sadəcə şanslı bir təxmin nəticəsində yaranmadığını sübut edir.

Gələcəyin ixtisasları üçün ən çox tələb olunan bacarıqlar hansılardır?

Lazımi bacarıqlar hər bir fərdi peşə üçün fərqli olacaq, lakin bu gün işəgötürənlər üçün vacib olan və gələcəkdə də vacib olacaq yumşaq bacarıqlar(soft skills) mövcudur. Onlar karyera yüksəlişinə və bütün sahələrdə işinizin səmərəliliyini artırmağa kömək edir. Həmin bacarıqlar bunlardır: • Sistemli və analitik düşüncə; • Ünsiyyət bacarıqları; • Münaqişənin idarə edilməsi; • Layihənin idarə olunması; • Müştəriyə diqqət, müştərinin ehtiyaclarını başa düşmək və onlara cavab vermək üçün ən yaxşı həll yollarını seçmək; • Xarici dil biliyi; • Liderlik; • Yaradıcıllıq; • Uyğunlaşma. Burada yeni tələblərə vaxtında cavab vermək, böhranları həll etmək, situasiyaları proqnozlaşdırmaq və bunlara uyğun fəaliyyəti tez bir zamanda dəyişdirmək qabiliyyəti nəzərdə tutulur.

Gələcəyin peşələri hansılardır?

Gələcəyin tələbatlı peşələri yüksək maaşlı olacaq, ona görə də karyera seçməyə başlayanlar və ya fəaliyyət sahəsini dəyişməyi planlaşdıranlar bu peşələrə daha yaxından nəzər salmalıdırlar.

• Biomühəndis

Biomühəndis biologiya və tibb prinsiplərindən istifadə edərək canlı orqanizmlərin xassələrinin dəyişdirilməsi üzrə mütəxəssis hesab olunur. Onlar kəskin tibbi problemləri həll edə və səhiyyə vəzifələrini yerinə yetirə bilərlər. Buraya bioloji orqanizmlərə əsaslanan terapevtik məqsədlər üçün ən son dərman pereparatlarının və pəhriz əlavələrinin hazırlanması olan biofarmakologiya, biologiyada məlumatların toplanması və təhlili üçün proqramların hazırlanması olan bioinformatika da aid edilə bilər.

• Robotexnika üzrə mütəxəssis

Bu hal-hazırda, hər kəsin fikrincə, gələcəyin ən çox tələb olunan peşəsidir. Buraya robotların(o cümlədən sənaye) inkişafı və texniki sistemlərin avtomatlaşdırılması daxildir.

• Kibertəhlükəsizlik üzrə mütəxəssis

Yeni rəqəmsal informasiyaların yaranması informasiya təhlükəsizliyinə getdikcə daha çox təhdidlər yaratmışdır. Buna görə də kibertəhlükəsizlik üzrə mütəxəssis ixtisası böyük əhəmiyyət kəsb edir. Onlar informasiya mühitinin məlumat oğurluğundan və haker hücumundan müdafiəsini yaradır, həmçinin kibercinayətləri araşdırırlar.

• Alternativ enerji üzrə mütəxəssis(yeni energetika mühəndisi)

Gələcəkdə neft və qaz ehtiyatlarının tükənəcəyi proqnozlaşdırılır. Buna görə də getdikcə daha çox ölkə tükənməyən enerji mənbələrinə üstünlük verir. Bu səbəbdən günəş və külək enerjisi mütəxəssisləri gələcəyin ən yaxşı peşələri sırasındadır.

• 3D çap mühəndisi

3 ölçülü dizayn bu gün tamamilə fərqli sahələrdə- memarlıq, tibb və mühəndis avadanlıqlarının istehsalında istifadə olunur.

• Məhsul meneceri

Məhsul meneceri ikişaf komandasına rəhbərlik edir və yeni məhsulun bazara uğurlu çıxarılmasına cavabdehdir. O, məhsulu müxtəlif mərhələdə izləyir, istifadəçi rəylərini toplayır və inkişaf planını idarə edir.

• Marketinq analitiki

Bu gün bazar demək olar ki, hər həftə sarsıntılar yaşayır. Rəqabət durmadan artır. Rəqabətdə qalmaq üçün şirkətlər marketinq strategiyalarını tənzimləməli və vaxtında həyata keçirməlidirlər. Bu səbəbdən də onlara marketoloqlar lazımdır.

Gələcək üçün həqiqətən çox yeni və perspektivli peşələr yaranır. Həmçinin, bəzi əmək bazarı ekspertlərinin proqnozlarına görə, sosial iş peşəsi gələcəyin ən yaxşı peşələrindən biri ola bilər. Müəllimlər, tibb işçiləri, pedaqoqlar da cəmiyyətə həmişə lazım olacaq. Bununla yanaşı, sadə mətnlərin əksər tərcümələrinin bu gün süni intellektin köməyi ilə həyata keçirilməsinə baxmayaraq, tərcüməçilik peşəsi öz mövqeyini itirməyəcək. Çünki hətta qabaqcıl süni intellekt də bədii əsərin bədii tərcüməsini həyata keçirə bilmir.

  • Paylaşın

Rəylər

Rəy bildirin